Biocoğrafiya
Biocoğrafiya – Yer kürəsində müxətəlif biosenozların, həmçinin heyvan, bitki, göbələk və mikroorqanizmlərin (növ, cins və b. taksonomik kateqoriyaların) yayılması və paylanması qanunauyğunluqları haqqında elm. Biocoğrafiya biosfer haqqında elmlərdən biri olub tərkibinə zoocoğrafiya və botaniki coğrafiya (fitocoğrafiya) daxildir.
Biocoğrafiyanın müxtəlif bölmələrində orqanizm və biosenozların coğrafi problemləri öyrənilir. Belə ki, aeroloji biocoğrafiya müxtəlif növlərin yayılmasını, areal daxilində onların paylanmasını öyrənərək əldə olunan nəticələrə əsasən xəritələr tərtib edilir. Regional biocoğrafiya floristik və faunistik rayonlaşdırma ilə məşğul olur. Ekoloji biocoğrafiya biokütləni, bioloji məhsuldarlığı tədqiq edir. Biocoğrafiya bitki örtüyü və heyvanat aləminin mühafizəsi və səmərəli istifadəsi, mədəni fitosenozların yaradılması, heyvan və bitkilərin iqlimləşdirilməsi üzrə aparılan işlərin nəzəri əsası hesab olunur.[1]
Biocoğrafiya "Ümumi yerşünaslığın" tərkib hissəsi olub, yer qabığının müxtəlif komponentlərini öyrənən geomorfologiya, iqlimşünaslıq, hidrologiya, okeanologiya, biologiya, tarixi geologiya ilə sıx əlaqəyə malikdir. Ayrı-ayrı orqanizmlərin, bitki örtüyü və heyvanat aləmini təşkil edən qrupların yayılma qanunauyğunluqlarını ətraflı araşdırmaq məqsədilə relyefin, iqlimin, su, hava və Yer qabığının orqanizmlərin həyatında rolunu müəyyən etmədən planetdə biosenozun coğrafi yayılma qanunlarını əsaslandırmaq mümkün olmazdı.
Digər elmlərlə müqayisədə biocoğrafiya cavan olsa da keçən az vaxt ərzində artıq elmdə və tədrisdə əhəmiyyətli dərəcədə öz yerini tutmuşdur. Biocoğrafiya coğrafiya, biologiya və ekologiya elmlərinin nailiyyətlərini özündə əks etdirməklə canlıların yayılması, inkişafı və ətraf mühitlə qarşılıqlı əlaqələri haqqında elmi və praktiki baxımdan əhəmiyyətli məlumatlar toplusundan ibarətdir.
Biocoğrafiyanın məqsədi
Biocoğrafiyanın əsas məqsədi orqanizmlərin morfologiyasını, sistematikasını və fiziologiyasını öyrənməkdən ibarət olmayıb, biosferin ayrı-ayrı hissələrində orqanizmlərin coğrafi yayılma qanunauyğunluqlarını araşdırmaqla yanaşı, bitki örtüyü və heyvanat aləminin ayrı-ayrı fərdlərinin ətraf mühitlə qarşılıqlı əlaqələrini tədqiq etməkdən ibarətdir. Belə yanaşma yeni ümumi biocoğrafi qanunauyğunluqların aşkar edilməsinə imkan yaradır. Yalnız biocoğrafi tədqiqat metodları coğrafi məhsuldarlıq, planetdə canlı maddələrin ümumi kütləsi, orqanizmlərin və onların qruplarının müasir yayılma səbəbləri, qurunun biocoğrafi bölgüsü prinsipləri, biocoğrafi regionların sərhədlərinin təyini, biotik münasibətlərin coğrafi xüsusiyyətləri, müxtəlif coğrafi şəraitdə biom və biotaya antropogen təsir kimi problemləri tədqiq etməyə imkan verər.
Göstərilən nəzəri məsələlərlə yanaşı biocoğrafiyanın elmi-praktiki baxımdan böyük ekoloji-iqtisadi əhəmiyyətə malik tətbiqi sahələri də mövcuddur. Aşağıda göstərilən praktiki məsələlərin həllində biocoğrafiya həlledici rol oynasa da müxtəlif profilli mütəxəssislərin iştirakı çox vacibdir:
Müəyyən coğrafi şəraitdə növlərin populyasiyalarının həyat qanununa əsaslanan bitki və heyvan ehtiyatlarından səmərəli istifadə; insanlarda yaranmış xəstəlikləri törədən canlı təbiət amillərini təhlil edib araşdırmaqla insan sağlamlığı uğrunda mübarəzənin təşkili; kifayət qədər vaxta qənaət etməyə və iqtisadi səmərəyə malik növlərin quruluşuna, dinamikasına və tərkibinə əsaslanan indikatorluq xüsusiyyətindən axtarış-kəşfiyyat işlərində istifadə; dağ-mədən işləri prosesində pozulmuş sahələrin rekultivasiyası; zərərli heyvanlarla və alaq bitkiləri ilə mübarizə aparmaqla təbii və süni qruplarda məhsuldarlığın artırılması; sahələrin, meşələrin və bağların yüksək məhsuldarlığa malik olmaları üçün praktiki baxımdan səmərəli təkliflərin hazırlanması və tətbiqi; ayrı-ayrı növ və qrupların qorunub saxlanmamsı məqsədilə təbiəti mühafizənin təşkili biocoğrafiyanın əsas problemləridir.
Biocoğrafiya – orqanizm qruplarının və onların ayrı-ayrı komponentlərinin coğrafi yayılması və məskunlaşması haqqında elmdir. Başqa sözlə – biocoğrafiya planetin bitki örtüyü və heyvanlar aləmini öyrənməklə yanaşı, növlərin və orqanizmlərin digər taksonomik kateqoriyalarının coğrafi yayılma qanunauyğunluqlarını tədqiq edir. Biocoğrafiya – əhatə dairəsi ildən-ilə genişlənən sədd elmlərindən biridir. Onun əsas məqsədi coğrafiya, ekologiya və biologiya arasındakı əlaqələri elmi əsaslarla izah etməkdən ibarətdir. Elmdə biokimya-biologiyanı kimya, geokimya-geologiyanı kimya, geofizika-geologiyanı fizika ilə əlaqələndirən sədd fənləri mövcuddur. Biocoğrafiya əsasən orqanizmlərin qruplarını və coğrafi yayılmasını öyrəndiyindən iki əsas elm sahəsinin – coğrafiya (coğrafi yayılma) və biologiya – (orqanizmlərin yayılması) birliyində formalaşır.
Biocoğrafiya, bir tərəfdən Yerin relyef formaları haqqında elm sahəsi olan – geomorfologiya, quru və okean suları ilə məşğul olan – hidrologiya, dünyanın iqlimi haqqında elm olan – iqlimşünaslıqla, torpaq haqqında elm sahəsi olan – torpaqşünaslıqla əlaqəyə malik olduğu üçün ümumi fiziki coğrafiyanı, digər tərəfdən orqanizmlər ekologiyası, sistematikası və fiziologiyası ilə əlaqəyə malik olduğundan biologiyanın bir çox sahələrini özündə birləşdirir.
Beləki, biocoğrafiyanı biologiyanın bir hissəsi kimi — coğrafi biologiyaya (orqanizmlərin coğrafi yayılmasını tədqiq edən hissə) və bioloji coğrafiyaya (müəyyən ərazi və akvatoriyanın bitki və heyvanat aləmini tədqiq edən hissə) ayırmaq elmi baxımdan əsassızdır. Biocoğrafiya iki elm sahəsini sərhəddini birləşdirən və bu elm sahələrini elmi və ekoloji baxımdan əlaqələndirən sədd fənnidir. Müxtəlif coğrafi regionların bitki örtüyü və heyvanat aləmini, fauna və florasını tədqiq etdiyi üçün regional biocoğrafiya regional coğrafiya elminə lazımı materiallar verir. Bu baxımdan biocoğrafiya dünyanın və regionların fiziki coğrafiyasının tədqiqində əsaslı rol oynayır.
Biologiya elmlərindən biocoğrafiyaya qismən yaxın olanı ekologiya və biosenologiyadır. Ekologiya — biocoğrafiyanın əsas istiqamətini müəyyən edən elm sahələrindən biri olub, orqanizmlərlə mühitin qarşılıqlı münasibətini tədqiq edir. Biocoğrafiyanın mühitlə orqanizmlər arasındakı mübadilənin gedişini araşdıran sahəsi ekoloji biocoğrafiya adlanır. Biocoğrafiyanın bu bölməsində orqanizmlərin Yer kürəsinin müxtəlif regionlarında ətraf mühit amillərinin təsiri nəticəsində bir-birindən fərqli xüsusiyyətləri öyrənilir. Biosenologiya-biocoğrafiyaya qrupların dinamikası və quruluşu haqqında məlumatlar verən orqanizmlər qrupları haqqında elmdir. Alınan bu məlumatlar əsasında biocoğrafiya qrupların coğrafi müxtəlifliyini təhlil edir, onların coğrafi yayılma qanunauyğunluqlarını müəyyənləşdirir.
Biocoğrafiyanın praktiki əhəmiyyəti
Biocoğrafiya çoxsahəli praktiki əhəmiyyətə malikdir. Təbii bitki örtüyü və heyvanat aləmi kimi qiymətli sərvətlərdən biocoğrafi biliklərə malik olmadan səmərəli istifadə etmək mümkün deyildir. İnsan həyatının normal inkişafının əsas təminatçılarından olan bitki və heyvanlar Yer kürəsində qeyri-bərabər paylanmamışdır. Müxtəlif regionlarda yayılmış bitki və heyvan xammal olduğu üçün onlardan istifadə coğrafi və bioloji baxımdan əlverişli şəraitdə olmalıdır. Bu xammaldan istifadə normasını bilmədən onun plansız istismarı xammal bazasının korlanmasına, hətta biokütlənin tamamilə məhv olmasına səbəb ola bilər. Əhəmiyyətli bitki və heyvanların coğrafi paylanmasını, onların illik dinamikasını, regionlar üzrə sayını və istifadə dövrünün dəvamiyyət müddətini bilmədən onlardan səmərəli istifadə etmək olmaz.
Hazırda bir çox bitki və heyvan növləri azaldığından onlar nadir və nəsli kəsilməkdə olan növlər kimi Beynəlxalq Qırmızı kitaba daxil edilmişdir.
Çoxlu miqdarda bitki və heyvan növləri nizamsız istifadə nəticəsində dünyadan silinib. Belə halların təkrar olunmaması üçün onların mühafizəsini təşkil etmək günün əsas tələbidir. Bu məqsədlə nadir heyvanların ovlanması, nadir bitkilərin yığılması qadağan edilmiş, biocoğrafi qanuna əsaslanan optimal şəraitin saxlanması təşkil edilmiş, yırtıcı heyvanların artımına nəzarət qoyulmuş və orqanizmlərin areal daxilində normal inkişafını təmin etmək üçün dövlət səviyyəsində müxtəlif qərarlar qəbul edilmişdir.
Elmi ədəbiyyatda bir neçə fərqli biocoğrafi rayonlaşma bölgüsü olsa da əsasən iridən xırdaya doğru aşağıdakı kimi qəbul olunur. Biocoğrafi hakimiyyətlik (onu çarlıq kimi də adlandırırlar məs. Holarktika), yarım hakimiyyətlik (onu aləm kimi də adlandırırlar – Nearktika), vilayət (İran-Turan), yarımvilayət (İran), ölkə (Qafqaz), diyar (Azərbaycan), rayon (Aran), mahal (Hirkan) və s.biocoğrafi rayonlaşma bölgüləri vardır. (2) H.L.Mustafabəyli. BİOCOGRAFİYADAN QISA İZAHLI LÜGƏT (azərbaycan). Şəki: Kaskad. 2017. səh. 20. ISBN 978-99-52- 8294-6-4.
Biocoğrafi biliklər tətbiq etmədən insan sağlamlığı uğrunda mübarizə aparmaq mümkün deyil.
Həmçinin bax
Xarici keçid
İstinadlar
- ↑ Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.