Karlos Kastanyeda
Karlos Kastanyeda | |
---|---|
isp. Carlos Castaneda | |
Doğum adı | Carlos César Salvador Arana Castañeda |
Doğum tarixi | 25 dekabr 1925[1][2][…] |
Vəfat tarixi | 27 aprel 1998[1][2][…] (72 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xərçəng xəstəliyi[3] |
Təhsili | |
Fəaliyyəti | antropoloq, yazıçı, romançı, esseist, etnoqraf, şair |
Fəaliyyət illəri | 1968-ci ildən |
Əsərlərinin dili | ingilis dili |
Janr | esse |
carlos-castaneda.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Karlos Kastanyeda (25 dekabr 1925[1][2][…] – 27 aprel 1998[1][2][…], Los-Anceles, ABŞ) — yazıçı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Karlos Kastanyeda adı ilə tanınan Sezar Salvador Aranyanın doğum tarixi və məkanı ilə bağlı ziddiyyətli fikirlər mövcuddur. Bəzi mənbələr onun 1925-ci il 25 dekabrda Perunun Kaxamarka şəhərində, digərləri isə 1935-ci ildə Braziliyanın San Paulo şəhərində dünyaya gəldiyi qənaətindədir. Anadan olarkən anasının on beş, atasının on yeddi yaşı olmuşdur. Aranyanı xalalarından biri böyütmüşdür. Lakin onu altı yaşında olarkən itirmişdir. İyirmi beş yaşında isə doğma anası vəfat etmişdir.
On beş yaşında ikən valideynləri Aranyanı ABŞ-yə göndərmişlər. Orta təhsil almaq üçün ona San-Fransiskoda ailə də tapmışlar. Məktəbi bitirdikdən (Hollywood High School) sonra Aranya Milana İncəsənət Akademiyasında təhsil almaq məqsədilə getsə də, istəyi baş tutmamış, Kaliforniyaya qayıtmalı olmuşdur. 1955-1959-cu illərdə o, Los-Ancelesdəki City kollecində ədəbiyyat, jurnalistika və psixologiya kursları almışdır. Onu da qeyd edək ki, 1959-cu ildə Salvador Aranyadan (atasının soyadı) imtina etmiş, anasının soyadını – Kastanedanı götürmüşdür. Bu illərdə Kastaneda psixoanalitiklərdən birinin köməkçisi işləmişdir. Onun vəzifəsi terapevtik prosedurlar yazılmış yüzlərlə audiokasseti yerbəyer etmək olmuşdur. Kastaneda xatirələrində bu barədə yazırdı: "Onların sayı təxminən dörd min idi. Hər dəfə audiokassetlərdə xəstələrin inilti və qışqırıq səslərini dinlədikcə onların mənim qorxu və həyacanlarımı əks etdirdiyini aşkarladım".
Daha sonra Kastaneda Los-Ancelesdəki Kaliforniya Universitetinə qəbul edilmiş və iki ildən sonra antropologiya mütəxəssisi kimi oranı bitirmişdir. 1960-cı ilin yayında Kastaneda Şimali Amerika hindularının dərman bitkiləri haqqında elmi iş yazmaq fikrinə düşmüşdür. Bu məqsədini reallaşdırmaq üçün o, dostunun tövsiyəsi ilə ABŞ-nin cənub-qərb bölgələrinə səyahət etmişdir. Arizonada olarkən, Kastaneda kitablarını oxuduğu, yaki hindu tayfasından olan şaman – Xuan Matusla tanış olmuşdur. O, 1961-1965-ci illərdə fasilələrlə Sonora şəhərində Xuan Matusdan şamanizm təliminin əsaslarını öyrənmişdir. 1965-ci ilin payızında psixoloji stress keçirdiyindən Kastaneda şagirdliyə son qoymuş və Los-Ancelesə qayıtmışdır. 1968-ci ildə "University of California Press" nəşriyyat idarəsi onun ilk kitabı – "Don Xuanın təlimi" ni nəşr etdirmişdir. Bu kitab sayəsində Kastaneda magistr dərəcəsi almışdır. Kitab qısa müddətdə bestsellerə çevrilmiş, onun milyonlarla tirajı Kastanedanı da miliyonçu etmişdir. Burada müəllif, meksikalı kahinin yanında keçirdiyi şagirdlik illəri haqqında ətraflı məlumat vermişdir.
Həmin ildə Kastaneda Sonoraya qayıdaraq, Xuan Matusdan aldığı dərsləri bərpa etmişdir. Aldığı dərslər sayəsində o, 1971-ci ildə "Əlahiddə reallıq", 1972-ci ildə isə onu doktorluq dərəcəsinə yüksəldən "İkstləndə səyahət" kitablarını dərc etdirmişdir. 1977-1997-ci illərdə Karlos Kastanedanın daha səkkiz kitabı işıq üzü görmüşdür. 1970-1980-ci illərdə tamamilə özünü cəmiyyətdən təcrid etmiş, yaxın tərəfdaşları – Florinda Donner-Qrau, Tayşa Abelyar, Kerol Tiqqs, Patrisiya Partin və bir sıra insanların daxil olduğu kiçik qrupla aktiv cadugərlik təcrübələri keçirmişdir. 1990-cı illərdə isə açıq həyat tərzi keçirmiş, ilk növbədə Kaliforniya Universitetində pulsuz, sonralar ABŞ və Meksikanın bir sıra bölgələrində pullu mühazirələr təşkil etmişdir. 1998-ci ildə Kastaneda son iki kitabı olan "Zaman çarxı" və "Sehirli əl hərəkətləri"ni nəşr etdirmişdir. Həmin ildə o, böyrək xərçəngindən vəfat etmişdir.
Təlimi
[redaktə | mənbəni redaktə et]"Don Xuanın təlimi" kitabında müəlliminin təlimini magiya adlandırsa da, Kastaneda onun dəqiq ifadə olmadığını bildirir. Əsərdə Don Xuan özünü "görücü", "elm adamı", "mütləq azadlıq döyüşçüsü" kimi təqdim etmişdir. Onun təliminə görə, insanların əksəriyyəti dünyanı görmək qabiliyyətinə malik olsa da, bu yeganə üsul deyildir. O, yazırdı ki, kahinlər – "görücülər" bizi əhatə edən dünyanı qaranlıqda işıq saçan energetik cərəyanların məcmusu, "sonsuzluqdan sonsuzluğa qədər ağılagələn və gəlməyən istiqamətlərin uzlaşması" kimi görməlidir. Bu mənzərədə kainat kahinə "işıqsaçan barama" və yaxud bəşəriyyətə "həyat enerjisi" bəxş edən yumurta kimi görünür.
Don Xuanın təsəvvürünə və Kastanedanın təliminə görə, bəşəriyyət bizim gördüyümüz və vərdiş etdiyimiz reallıqlarla məhdudlaşmır. Bəşəriyyət insanın dərk edə bilməyəcək qədər dünyalardan ibarətdir. İnsan məxluqu doğularkən qüdrətli, simasız qüvvələr əldə edir ki, kahinlər onları qartal, şüurun "avans"ı adlandırırlar. Həyatı boyu insan bu şüuru inkişaf etdirir, öz təcrübəsi ilə zənginləşdirir. İnsan ölərkən qartal onun şüurunu hisslərilə birlikdə ələ keçirir. Qartalın bu məqsədinin qarşısını almaq, ölümdən sonra da şüuru bədəndə saxlamaq üçün "Döyüş yollları" adlı konsepsiya irəli sürülür. Bu konsepsiyaya görə, başlıca məqsədə nail olmaq üçün vücud köklü dəyişikliklərə məruz qalmalıdır. Döyüşçünün bütün qüvvəsi bu tapşırığı yerinə yetirməyə köklənməlidir. O, bütün enerjisini yüksək səviyyədə buna sərf etməsə, onun ehtiyat qüvvəsi məhdudlaşacaq. Döyüşçü vaxtına nəzarət etməli, faydasız işlərdən uzaqlaşmalı, öz taleyinin sahibinə çevrilməli, həyatında baş verənlərə görə peşman olmamalıdır.
Karlos Kastaneda özünü, həyat tərzinin sadə hindu cadugərinin stereotipləri, biliyinin hinduların şaman mədəniyyəti haqqında akademik təqiqatlar ilə uzlaşmayan müdrik şaman kimi təbliğ edirdi. Tədqiqatçılar bu cərəyanı satanist təlim kimi kəskin tənqid edərək, onun xüsusilə gənclərin həyatı üçün təhlükəli olduğunu qeyd edirlər. Bunun səbəbi isə üzvlər arasında narkotik və psixontrop maddələrin geniş istifadəsi nəticəsində özünüöldürmə hallarının çoxalması ilə əlaqələndirilir.
Hazırda dünyanın bir sıra ölkələri ilə yanaşı, Azərbaycanda da, az da olsa, bu təlimin üzvləri mövcuddur. Lakin, onların fəaliyyəti hiss edilməyəcək qədər zəifdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Carlos Castaneda // Internet Speculative Fiction Database (ing.). 1995.
- ↑ https://www.elmundo.es/cronica/2018/08/16/5b6de91622601d30598b457d.html.