Nəsibə Zeynalova
Nəsibə Zeynalova | |
---|---|
| |
Doğum tarixi | 20 aprel 1916 |
Doğum yeri | |
Vəfat tarixi | 10 mart 2004 (87 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Uşağı | |
Atası | Cahangir Zeynalov |
Fəaliyyəti | aktrisa, kino aktrisası |
Fəaliyyət illəri | 1932-ci ildən |
Mükafatları |
|
IMDb | ID0954369 |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Nəsibə Cahangir qızı Zeynalova (20 aprel 1916, Bakı – 10 mart 2004, Bakı) — Azərbaycanın görkəmli teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1967), Azərbaycan SSR dövlət mükafatı laureatı (1974).
Həyatı
[redaktə | vikimətni redaktə et]Nəsibə Zeynalova 20 aprel 1916-cı ildə Bakıda doğulub. Atası Kərbəlayı Cahangir Bakıda anadan olub və tanınmış tacir və eyni zamanda aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkliyini görmək ataya nəsib olmayıb.
1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana yollanıb. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı vardı. Böyüdükdən sonra o, atasının arzusunu inamla həqiqətə çevirib. Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənib.
Yaradıcılığının mayası gülüş və musiqi ilə yoğrulmuş Nəsibə xanım orta məktəbdən rəqqasəlik etmiş, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnmişdi. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Bu teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd təsərrüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynayırdı.
Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.
Yaradıcılığı
[redaktə | vikimətni redaktə et]Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan, Ağasadıq Gəraybəylidən dərs alan Nəsibə Zeynalova texnikumda oxuyarkən Katarina ("Şıltaq qızın yumşalması", Uilyam Şekspir), Elvira ("Don Juan", Jan Batist Molyer), Yelizaveta ("Mariya Stüart", Fridrix Şiller) rollarını oynayıb.
Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb. Aktrisa Azərbaycan klassik operettalarının tamaşalarında Gülpəri, Cahan xala, Sənəm ("Ər və arvad", "Arşın mal alan" və "Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Mələk xanım və Kələk xanım ("Əlli yaşında cavan", Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.
Aktrisanın zəngin rollar qalereyasında tərcümə əsərlərində ifa etdiyi Kabato və Barbale ("Keto və Kote", Vladimir Dolidze. Tərcümə edəni Şəmsi Bədəlbəyli), Ziraldina ("İki ağanın bir nökəri", Karlo Qaldoni və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Zivər xanım ("Məhəbbət gülü", türkmən dramaturqu Muxtar Hüseynov və Süleyman Ələsgərov), Alma ("Şirin arzular", Tərcümə edənləri Ə. Süleymanov və Abdulla Qüdrət), Qesiya ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şota Milorova. Tərcümə edəni Adil Babayev), Gülbadam ("Qız anası", ("Sevgilimin anası"), Georgi Xuqayev və A. Ovanov) rollarının xüsusi yeri var.
Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır. Bu baxımdan aktrisa aşağıdakı rolların əvəzsiz ifaçısı sayılır.
- Xanpəri ("Dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə və musiqi tərtibçisi Şəmsəddin Fətullayev),
- Nargilə ("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov),
- Şərəf və Nisə ("Durna", Süleyman Rüstəm və Səid Rüstəmov),
- Məsmə ("Toy kimindir?", Məhərrəm Əlizadə və Ağası Məşədibəyov),
- Züleyxa ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov),
- Tükəz ("Hacı Qara". Mirzə Fətəli Axundzadənin əsəri əsasında Şəmsi Bədəlbəylinin işləməsi və bəstəkarlar Vasif Adıgözəlovla Ramiz Mustafayev),
- Tərlan ("Ürəkçalanlar", Məmməd Səid Ordubadi və Fikrət Əmirov),
- Zemfira ("Kəndimizin mahnısı", Kərim Kərimov və Zakir Nərimanov),
- Rəxşəndə ("Qızıl axtaranlar", Həsən Seyidbəyli və Tofiq Quliyev),
- Münəvvər ("Bir dəqiqə", Məhərrəm Əlizadə və Hacı Xanməmmədov),
- Kəblə Fatma ("Hacı Kərimin Aya səyahəti", Qulamrza Mahmudu ilə Əbülfəz Hüseyni və Azər Rzayev),
- Şölə xanım, Xeyransa, Matan ("Özümüz bilərik", "Sevindik qız axtarır" və "Olmadı elə, oldu belə", Şıxəli Qurbanov və Süleyman Ələsgərov),
- Mərcan ("Səndən mənə yar olmaz", Məhərrəm Əlizadə və Əşrəf Abbasov),
- Cəhri xala ("Altı qızın biri Pəri", Məhərrəm Əlizadə və Tofiq Bakıxanov ilə Nəriman Məmmədov),
- Əsınət ("Ev bizim, sirr bizim", Novruz Gəncəli və Şəfiqə Axundova),
- Cənnət xala ("Qaynana", Məcid Şamxalov və Zakir Bağırov),
- Gülyanaq ("Haradasan, ay subaylıq?", Salam Qədirzadə və Süleyman Ələsgərov),
- Fatma xala ("Axırı yaxşı olar", Rəfiq Zəka Xəndan və Ramiz Mustafayev),
- Rəxşəndə ("Bir dəqiqə", Məhərrəm Əlizadə və Hacı Xanməmmədov),
- Zeynəb, Cəmilə ("Boşanaq, evlənərik" və "Nənəmin şahlıq quşu", Əliağa Kürçaylı və Vasif Adıgözəlov),
- Cəlbi ("Beş manatlıq gəlin", Məmməd Səid Ordubadi və Səid Rüstəmov),
- Səltənət ("Dağlar qoynunda", Ədil İsgəndərov və Əşrəf Abbasov),
- Qızbacı ("Hicran", Sabit Rəhman və Emin Sabitoğlu),
- Nazxanım ("Nazxanım naz eləyir" Məhərrəm Əlizadə və Nazim Əliverdibəyov),
- Güləndam ("Qonşumuzda bir oğlan var", Məhərrəm Əlizadə və Ramiz Mustafayev),
- Fatma ("Həyətim mənim, həyatım mənim", Cahangir Məmmədov və Tofiq Bakıxanov ilə Nəriman Məmmədov),
- Ballı ("Qızıl toy", Ramiz Heydər və Oqtay Kazımov),
- Qəmər ("Nəğməli Könül", Xalidə Hasilova və Emin Sabitoğlu)
Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur. Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova həmçinin "Azərbaycanfilm"in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə ("Ögey ana"), Telli ("Böyük dayaq"), Züleyxa ("Ulduz"), Cənnət xala ("Qaynana"), Gülsüm ("Molla Fətəlinin sərgüzəşti"), Əsli xala ("Bəyin oğurlanması") rolları daha canlı və daha şöhrətlidir.
Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1967-ci ildə xalq artisti fəxri adına layiq görülüb.
"Hicran" musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır (1974)[1].
1974-cü ildə Rauf Kazımovski onun yaradıcılığı barədə "Aktrisanın təbəssümü" televiziya filmi çəkib.
Nəsibə Zeynalovanın obrazları həyatiliyi və real bədii təsvirləri ilə həmişə orijinal görünüb. Aktrisa gözlənilməz, ancaq mənalı və ifadəli, dadlı və şirəli ifadə vasitələrilə cilvələnən improvizənin mahir ustası idi.
Rəqs, mahnı (yaxud reçitativ) və hərəkətlərdən eyni epizodda, hətta eyni məqamda yüksək peşəkarlıqla istifadə edib. Xalq yumorunun, "Qaravəlli" oyun tamaşalarının, lətifə söyləmələrinin estetik oyun-göstərmə prinsiplərindən həssaslıqla barınıb.
Tipajlığın bədii dəyərlərinə tam yiyələnməklə tipik xarakter yaratınağa üstünlük verib və bu istiqamətdə obrazın məzmun-forma vəhdətini vacib şərt kimi dəyərləndirib.
Obrazın xarakterini hərəkətdə (yeriş, duruş, oturuş və sairə) koloritli tərzdə verməkdə muskomediya teatrında Nəsibə xanıma tay aktrisa olmayıb.
Nəsibə xanım klassik operettalarda obrazın sözlərinə qarşı çox həssas idi və təhrifə, yaxud əlavəyə qətiyyən yol verməzdi. Ancaq librettosu zəif musiqili komediyalarda ifa etdiyi rolun sözlərini dəyişər, dialoqların məntiqini gücləndirər, vəziyyətə uyğun deyimlər, cümlələr qurardı. Bu axtarış tamaşadan-tamaşaya davam edər, bəzi əlavələr olar, müəyyən ixtisarlar aparılar, tapıntılar cilalanardı.
Aktrisa məişət yumorunu incə ştrixlərlə ictimai-sosial mahiyyətə yönəldərdi.
Satirik boyaları müəyyən rollarda qrotesk səviyyəsinə qaldırır, boyalardan gen-bol istifadə edir, ancaq heç vaxt janrın estetik prinsip və meyarlarını pozmurdu.
Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.
Xatirəsi
[redaktə | vikimətni redaktə et]17 mart 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nəsibə Zeynalovanın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır[2].
18 yanvar 2017-ci ildə Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi münasibətilə Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində ədəbi-bədii axşam keçirilib. Yubiley gecəsində "Qayınana" bədii filmi ilk dəfə alman dilində subtitrlərlə nümayiş olunub.[3][4]
Mükafatları
[redaktə | vikimətni redaktə et]- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı (24 may 1960)
- "Azərbaycan SSR xalq artisti" fəxri adı (21 oktyabr 1967)
- Azərbaycan SSR Dövlət mükafatı (1974)[1]
- "Şərəf nişanı" ordeni (9 iyun 1959)
- "Qırmızı əmək bayrağı" ordeni (2 iyul 1971)
- "Oktyabr inqilabı" ordeni (23 mart 1976)
- "Xalqlar Dostluğu" ordeni (22 avqust 1986)
- "Şöhrət" ordeni (20 aprel 1997)[5]
- "Əmək veteranı" medalı (30 oktyabr 1978)
- "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı (31 mart 1970)
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı (1946)
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı (1965)
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı (1975)
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı (1985)
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 50 illiyi" yubiley medalı (1 may 1995)
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002[6]
- Azərbaycan Teatr Xadimləri İttifaqının "Teatr Xadimi" qızıl medalı (10 mart 2004)
Ailəsi
[redaktə | vikimətni redaktə et]- Aktyor Cahangir Novruzovun anası, Nəsibə Novruzovanın nənəsidir.
Filmoqrafiya
[redaktə | vikimətni redaktə et]- 100 (film, 1985) (qısametrajlı bədii film-Mozalan № 100)
- 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film)
- 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film)
- Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası) (Aztv)
- Aktrisanın təbəssümü (film, 1974)
- Bağlı qapı (film, 1981)
- Bəyin oğurlanması (film, 1985)
- Bizim Cəbiş müəllim (film, 1969)
- Bizim küçənin oğlanları (film, 1973)
- Bizim Nəsibə xanım... (film, 1991)
- Böyük dayaq (film, 1962)
- Böyük ömrün anları (film, 2006)
- Dad (film, 1984)
- Dəli Kür (film, 1969)
- Fövqəladə hadisə (film, 1982)
- Güllələnmə təxirə salınır!... (film, 2002)
- Hədiyyə (film, 1974)
- Xoşbəxtlik qayğıları (film, 1976)
- Qanun naminə (film, 1968)
- Qayınana (film, 1978)
- "Qayınana" əməliyyatı (film, 1999)
- Qeyri-adi görüşlər (film, 1988)
- Qədəmlərin mübarək (film, 1976)
- Qəm pəncərəsi (film, 1986)
- Qorxma, mən səninləyəm
- Məhəllə (film, 2003)
- Məhəllə 2 Moskvada (film, 2004)
- Mən mahnı qoşuram (film, 1979)
- Mollanın sərgüzəşti (film, 1960)
- Nehrəmli qız (film, 2002)
- O qızı tapın (film, 1970)
- Ögey ana (film, 1958)
- Sehrli çıraq (film, 1987)
- Sevdagül və Şarlotta (film, 1986)
- Sənətinin Vaqifi (film, 1996)
- Tikdim ki, izim qala. III film (film, 1998)
- Ulduz (film, 1964)
- Yuxu (film, 2001)
- Məhəllə (film, 2003)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1974-cü il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1974-cü il tarixli Qərarı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- ↑ president.az. ""Nəsibə Zeynalovanın 100 illik yubileyinin keçirilməsi haqqında" [[Azərbaycan Respublikası Prezidenti]]nin 17 mart 2016-cı il tarixli, 1901 nömrəli [[Sərəncam]]ı" (az.). e-qanun.az. 17.03.2016. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-30.
- ↑ Elgün Niftəli. "Vyanada "Qaynana" bədii filmi ilk dəfə alman dilində təqdim edilib" (az.). Azertag.az. 18.01.2017. 2021-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-18.
- ↑ ATV Xəbər. "Vyana şəhərində Nəsibə Zeynalovanın 100 illik yubileyi" (az.). Youtube.com. 18.01.2017. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-18.
- ↑ N. C. Zeynalovanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı // Azərbaycan Respublikası Prezidentinin Fərmanları və Sərəncamları.- Bakı, 1997.- № 2.- S. 12.
- ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.10.2023.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Mükərrəmoğlu, M. "Nəsibə xanım bu dəfə özünü oynayacaq" //Xalq.- 2002.- 22 dekabr.
- T. Məhərrəmova. "Nağıla dönən ömür" //Odlar yurdu.- London, 2009, aprel.- səh. 15.
- "Azərbaycan gülüşünün milli brendi Nəsibə Zeynalova" //Kaspi.- 2011.- 11 mart.
- Səhnəmizin qayınanası: Xalq artisti Nəsibə Zeynalova haqqında //Şərq.- 2011.- 12; 15 fevral.- S. 11.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Səda — Nəsibə Zeynalovanın anım günüdür (10.03.2016) (az.)
- Bir əsrin Nəsibə Zeynalovası (az.)
- Səda — Səhnəmizin Cənnəti (20.04.2016) (az.)
- Xalq artisti Nəsibə Zeynalova Qubada anılıb RTV
- Nəsibə Zeynalovın 100 illik yubiley tədbirlərinə start verilib
- Nəsibə Zeynalova 100
- Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyinə həsr olunan yubiley tədbiri qeyd olunub
- 20 apreldə doğulanlar
- 1916-cı ildə doğulanlar
- Bakıda doğulanlar
- 10 martda vəfat edənlər
- 2004-cü ildə vəfat edənlər
- 87 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Birinci Fəxri xiyabanda dəfn olunanlar
- Azərbaycan SSR xalq artistləri
- Azərbaycan SSR əməkdar artistləri
- Azərbaycan SSR Dövlət mükafatı laureatları
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- "Oktyabr inqilabı" ordeni ilə təltif edilənlər
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Xalqlar dostluğu" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- "Əmək veteranı" medalı ilə təltif edilənlər
- "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə film sənətçiləri
- Nəsibə Zeynalova
- Azərbaycan aktrisaları
- Azərbaycan komediyaçıları
- "Qızıl Dərviş" mükafatı laureatları
- "Teatr Xadimi" qızıl medalı ilə təltif edilənlər