Vidiadxar Suracprasad Naypol

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vidiadxar Suracprasad Naypol
ing. Vidiadhar Surajprasad Naipaul
Doğum adı Vidiadhar Surajprasad Naipaul
Təxəllüsü V. S. Naipaul
Doğum tarixi 17 avqust 1932(1932-08-17)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 11 avqust 2018(2018-08-11)[3][2][…] (85 yaşında)
Vəfat yeri
Təhsili
  • Universitet kolleci (Oksford)[d]
Fəaliyyəti yazıçı, romançı, jurnalist, esseist, hekayə yazıçısı[d]
Fəaliyyət illəri 1957–11 avqust 2018
Janrlar esse, roman, səyahətnamə
Üzvlüyü
Mükafatları Cəngavər bakalavrı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vidiadxar Suracprasad Naypol (ing. Sir Vidiadhar Surajprasad Naipaul; 17 avqust 1932[1][2][…], Çaquanas11 avqust 2018[3][2][…], London[3]) — hind əsilli Britaniya yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2001).

XXI yüzilliyin ilk Nobel mükafatı laureatı, hind əsilli Britaniya yazıçısı Vidiadxar Suracprasad Naypol Trinidad və Tobaqoda doğulmuşdur. O, öz ölkəsi miqyasında bir sıra tanınmış ədəbi şəxsiyyətlər və siyasətçilər yetirən Kapildeo nəslindən idi. Kapildeo nəsli Karib hövzəsinə Hindistanın cənubundan köçmüşdü. Vidiadxarın atası Seeperesad Naypol (1906-1953) "Trinidad Guardian" qəzetinin müxbiri idi. Onun "Qurudevanın macəraları" romanı ölümündən çox sonra, 1976-cı ildə Londonda nəşr edilmişdi. Əslində, zavallı ata qonorar hesabına ailəsinin maddi vəziyyətini bir qədər düzəltmək üçün roman yazmağa girişmiş və əsərin əlyazmasını 50-ci illərin sonlarında Londonda təhsil alan oğlu Vidiadxar Naypola göndərmişdi. Seeperesad hər iki oğlunun ədəbiyyata həvəslərini hər vasitə ilə təşviq edirdi. Nobel laureatının kiçik qardaşı Şiva Naypol (1945-1985) da Britaniya yazıçısı və jurnalist kimi yaxşı tanınırdı.

1950-ci ildə İngiltərənin xeyriyyə fondlarından aldığı təqaüd hesabına Oksford universitetinə daxil olan Vidiadxar Naypol ciddi maddi sıxıntılarla üzləşmişdi. İş tapmaq cəhdləri heç bir nəticələr verməyəndə hətta həyatına qəsd etmək fikrinə düşmüşdü. Əslində, atası kimi naəlaclıqdan başladığı yazı-pozu fəaliyyəti tezliklə onu ağır maddi və mənəvi böhrandan çıxarmışdı.

Hindli müəllif "Sirli massajçı" (1957), "Əldəqayırma" (1967), "Partizanlar" (1974) romanları ilə tələbkar ingilis oxucusunun nəzərində özünü fərqli dəsti-xətti və dünyabaxışı olan yazıçı kimi tanıtmışdı. Bir çox sənətkarlar kimi Naypolun da roman, povest və hekayələrinin əsərdən əsərə inkişaf edən dəyişməz mövzusu var. Bu əski müstəmləklərdən gəlmiş insanların yeni şəraitə uyğunlaşmaq uğrunda apardıqları mübarizənin təsviridir.

Naypolun romanları forma baxımından da ümumi bir modelə sığışa bilər. Yazıçı eyni əsər daxilində bədii təsvir, avtobioqrafik çalarlar, sosioloji tədqiqat, jurnalist reportaji ünsürlərinin hamısından yararlanmağa üstünlük verirdi. Bu yolla da oxucuları sanki hadisələrin içərisinə çəkməyə, iştirakçıya çevirməyə çalışırdı. Melanxoliya hissləri, təklik iztirabları, böyük şəhərlər və yad insanlar qarşısında qorxu onun qəhrəmanları üçün səciyyəvi duyğulardır.

Vidiadxar Naypol Buker mükafatı alan ilk Britaniya hindistanlısıdır. Yazıçı həmin mükafata 1971-ci ildə "Azad ölkədə" romanına görə layiq görülmüşdür. Lakin Naypolun kitabları tənqid tərəfindən hərarətlə qarşılansa da, mükafatlarla qeyd olunsa da, heç zaman kütləvilik qazana bilməmiş və yüksək zövqlü, tələbkar Britaniya oxucusunun nəzərində bestsellerə çevrilməmişdir.

İngilis kraliçası Elizavetanın 1990-cı ildə Böyük Britaniya imperiyasının cəngavəri titulu verdiyi Naypol mənşəcə indus olduğunu unudaraq "üçüncü dünya" ölkələrinə, xüsusən də islam dünyasına münasibətdə özünü ən qatı Britaniya imperialistlərindən də hikkəli aparması ilə fərqlənir. Onun "Afrikanın gələcəyi yoxdur" fikrinə etirazını bildirən digər trinidadlı Nobel laureatı Derek Uolkott yazıçının soyadını bilərəkdən V.Nightfall ("gecə qaranlığı") şəklində yazmışdır. Naypolun ərəb dünyası haqqında qaramsar fikirləri Fələstin əsilli görkəmli şərqşünas Edvard Səidin kəskin etirazları ilə qarşılanmışdır.

Hələ 1981-ci ildə "Möminlər arasında" adlı kitabında Məhəmməd təliminin qatı əleyhdarlarından biri kimi çıxış edən Vidiadxar Naypolun bir sıra məqalə və esseləri Hindistan müsəlmanlarına və ümumiyyətlə, islama qarşı çevrilmişdir. Onun fikrincə, ətalətli və geridə qalmış islam cəmiyyəti müasir dövrdə insanlığa ünvanlanan çağırışlara cavab verməkdə acizdir. Maraqlıdır ki, bu sözləri söyləyən hind əsilli, Trinidad doğumlu və Britaniya vətəndaşı yazıçının ikinci xanımı islama etiqad edən Pakistan jurnalisti Nadirə Ələvi-Naypoldur. Vidiadxar Naypol isə yalnız Hindistan deyil, Pakistan əleyhinə də bir sıra sərt və ədalətsiz fikirlərin müəllifidir.

Fanatik indusların 1992-ci ildə 350 illik tarixi olan qədim islam mədəniyyəti abidəsini – Bəbri məscidini yerlə-yeksan etməsini Naypol Hindistanda yaradıcı enerjinin üzə çıxması faktı kimi mənalandırmışdı. Onun fikrincə, müsəlman-türklərin indiki Hindistan ərazisində qurduqları Böyük Moqollar imperiyası hind xalqının tarixinə və mədəniyyətinə sağalmaz yaralar vurmuşdur.

2001-ci ilin 11 sentyabrından az sonra müsəlman düşmənçiliyi ilə tanınan Vidiadxar Naypola Nobel mükafatı verilməsini İsveç Akademiyasının ABŞ-yə məhəbbət izharı və müsəlman dünyasına aşağılayıcı mesaj kimi dəyərləndirənlər də tapılmışdı. Naypol mükafatı "adətən müzakirəsi məqbul sayılmayan faktlar üzərində düşünməyə vadar edən güzəştsiz düzlüyünə görə" almışdı. Bəzi mütəxəssislərin fikrincə Naypol Nobel mükafatına hələ 80-ci illərdə layiq görülməli idi. Çünki o, elə həmin illərdə artıq ədəbiyyatda öz sözünü demiş yazıçı idi. Təsdaüfi deyil ki, İosif Brodski 1986-cı ildə ədəbiyyat üzrə Nobel mükafatını alanda demişdir: "Gərək bu il mükafatı Naypola verəydilər".

Vidiadxar Naypol son dərəcə qapalı həyat keçirir. Özünün heç bir ictimai, yaxud siyasi cəmiyyətlə bağlı olmadığını, fikirlərinin hamısının yalnız şəxsi xarakter daşıdığını iddia edir. Yeddi illik sükutdan sonra o, 2001-ci ildə "Həyatın yarısı" romanını yazmış və yenidən susmuşdur.

  • The Mystic Masseur — (1957)
  • The Suffrage of Elvira — (1958)
  • Miguel Street — (1959)
  • A House for Mr Biswas — (1961)
  • Mr. Stone and the Knights Companion — (1963)
  • A Flag on the Island — (1967)
  • The Mimic Men — (1967)
  • In a Free State — (1971) — Buker mükafatına layiq görülüb.
  • Guerillas — (1975)
  • A Bend in the River — (1979)
  • Finding the Centre — (1984)
  • The Enigma of Arrival — (1987)
  • A Way in the World — (1994) avtobioqrafiya.
  • Half a Life — (2001)
  • Magic Seeds — (2004)
  • The Middle Passage: Impressions of Five Societies — British, French and Dutch in the West Indies and South America – (1962)
  • An Area of Darkness – (1964)
  • The Loss of El Dorado — (1969)
  • The Overcrowded Barracoon and Other Articles – (1972)
  • India: A Wounded Civilization – (1977)
  • A Congo Diary – (1980)
  • The Return of Eva Perón and the Killings in Trinidad – ([1980)
  • Among the Believers: An Islamic Journey – (1981)
  • Finding the Centre – (1984)
  • Reading & Writing: A Personal Account – (2000)
  • A Turn in the South – (1989)
  • India: A Million Mutinies Now – (1990)
  • Homeless by Choice – (1992)
  • Bombay (Raghubir Singh ilə birgə) — (1994)
  • Beyond Belief: Islamic Excursions among the Converted Peoples – (1998)
  • Between Father and Son: Family Letters – (1999)
  • Literary Occasions: Essays – (2003)
  • Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]