Çarli Kaufman
Çarli Kaufman | |
---|---|
ing. Charles Stuart Kaufman | |
Doğum tarixi | 19 noyabr 1958[1] (66 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | ssenarist, film prodüseri, kinorejissor, yazıçı |
Fəaliyyət illəri | 1983-cü ildən |
Təhsili |
|
Mükafatları | |
IMDb | ID0442109 |
beingcharliekaufman.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Çarli Kaufman (ing. Charles Stuart «Charlie» Kaufman; 19 noyabr 1958[1], Nyu-York, Nyu-York ştatı[2]) — ABŞ rejissoru, ssenaristi.
Həyatı
[redaktə | vikimətni redaktə et]Çarli Kaufman 19 noyabr 1958-ci ildə Amerikanın Nyu-York şəhərində yəhudi ailəsində dünyaya göz açıb. Film sahəsinə marağı lap uşaq yaşlarından özünü göstərir. Kiçik yaşlarından valideynlərinin hazırladığı tamaşaların rejissorluğunu etməyə başlayır. Uşaqlığı və yeniyetməlik dövrü Vest Hartfordda və Kennektikutda keçib. 1974-cü ildə anası və böyük bacısı ilə bir çox məşhur insanın yaşadığı "Massapequa, Long İsland"a köçürlər. Həmişə çox ağıllı və yaxşı tələbə olan Kaufman özünə qapanıq, səssiz və utancağ bir insan olub. Dram klubunun təşkil etdiyi bir layihə üçün 3 il bir TV şirkətində işləyən Kaufman boş vaxtlarında "Dr. Jekyll and Mr. Hyde"da olan bir çox komedik tamaşalarda aktyor kimi çıxış edirdi. Vudi Allenin "Yenidən oyna, Sam" (Play it Again, Sam) filmindən başqa, "Təmiz bir gün" (On A Clear Day) və "Pilləkandan yuxarı" (Up the Down Staircase) tamaşalarında baş rolda oynayır. Oxuduğu məktəbin incəsənət bölməsini bitirdikdən sonra Boston Universitetinə daxil olur. Amma burdakı təhsili onu qane etmir və təhsilini yarımçıq qoyaraq "NYU"da kino bölməsi üzrə oxumağa başlayır.
Kris Kolumbusla qrup yoldaşı olan Kaufman, sonralar ən yaxşı dostu olacaq Paul Proçla da elə bu illərdə tanış olur. Proçla bərabər ssenarilər yazmağa başlayır və hər yazıya görə hər birinə 25 dollar ödəyən "National Lampoon" jurnalı üçün işləyirlər. Çarli və Paulun birgə işi tək oxuduqları ildə yox, sonralar da davam edir. Məşhur jurnalist Con Mişell onların birgə yazdığı "Tamamilə təsadüf" (Purely Coincidental) adlı ssenarisinə müsbət rəylər bildirir. Çarli və Paul bu ssenarini Stiven Spilberqə və Alan Arkinə də göndərirlər. Kaufman 80-ci illərin sonuna qədər Minneapolisdə yaşayaraq "Star Tribune"da işləyir. Burdakı işi onu o qədər də qane etmirdi. Burada dostu Proçla "Newhart" adlı serialın ssenarisini yazmağa başlayır. Minneapolisdə öz gələcəyini yaxşı görməyən Kaufman, oradakı işini ataraq Los Ancelese köçür. Bir müddət burada işsiz qalır. Los-Ancelesdə o, rejissor Kris Elliotla tanış olur. Kaufmanın işlərini bəyənən rejissor ona öz "Həyatı əldə etmək" (Get a life) serialının 1990–1992-ci illərdə çəkilən bölümlərinin ssenarilərini yazmağı təklif edir. Bu Kaufmanın TV-də peşəkar olaraq başladığı ilk işi idi. 90-cı illərin sonuna qədər Kaufman "Kənar" (The Edge), "Larri ilə əzab" (The Trouble with Larry), "Ned və Steysi" (Ned and Stacey) və "Dana Karveyin şousu" (The Dana Carvey Show) seriallarının ssenaristliyini edir. Özünü film sahəsində sınamağı qərara alan Kaufman həmin illərdə "Con Malkoviç olmaq" filminin ssenarisini yazır. Evli olmasına baxmayaraq başqa qadını sevən bir kişinin fantastik, poetik və utopik hekayəsindən bəhs edən filmin ssenarisi rejissor Spayk Cons tərəfindən bəyənilir. Elə filmin rejissorluğuna da o üstələnir. Con Malkoviç, Kameron Diaz, Ketrin Kiner, Con Kyusakın baş rollarını ifa etdiyi film kinoteatrlarda nümayiş olunmağa başladıqdan sonra qəribə ssenarisi ilə böyük marağa səbəb olur. Yazdığı ilk ssenarisi ilə Oskara belə namizəd olan Kaufman üçün də bu film böyük müvəffəqiyyət idi. "Con Malkoviç olmaq" filmi 45 fərqli film festivalında bir çox mükafatlara layiq görüldü. 3 nominasiyada Oskara namizəd oldu.
2001-ci ildə Kaufman insan təbiətinin dəhlizlərində tamaşaçını böyük bir gəzintiyə çıxaran "İnsan təbiəti" filminin ssenarisini yazdı. Baş rollarında Patrisia Arketin və Tim Robbinsin oynadığı filmin rejissorluğunu Mişel Qondri edir. "Con Malkoviç olmaq" filmi qədər uğur gətirməsə də bu film Kaufmanın filmoqrafiyasında öz xüsusi yerini tutdu.
Kaufmanın üçüncü ekranlaşdırılan ssenarisi "Adaptasiya" adlanır. Filmin rejissorluğunu Spayk Cons edir. Bu onun Kaufmanla ikinci işi olur. Kaufman bu dəfə öz əkizini yaratdığı və orxideya oğrusu olan bir adamın hekayəsindən bəhs edən bir kitabı film üçün necə ssenariləşdirdiyini anbaan qələmə alır. Baş rollarında Nikolas Keys, Meril Stripin oynadığı film 4 nominasiya üzrə Oskara namizəd göstərilir. Lakin bu nominasiyalardan biri üzrə — "Ən yaxşı ikinci dərəcəli aktyor" qalib olur. "Adaptasiya" Kaufmanın ironik, orijinal və fərqli tərzini bir daha gözlər önünə sərdi (bu film haqqında 6-cı sayımızdan daha geniş məlumat ala bilərsiniz). Kaufman eyni il, yəni 2002-ci ildə Corc Kluni və Dryu Barrimorun rol aldığı "Təhlükəli ağlın etirafları" (Confessions Of A Dangerous Mind) filminin ssenarisini yazır. Çak Barrisin romanı əsasında ekranlaşdırılan film Kaufmana "Ən yaxşı ssenarist" nominasiyasında " BFCA" mükafatını qazandırır. Kaufman "İnsan təbiəti" filmində birlikdə işlədiyi Mişel Qondri ilə "Təmiz düşüncənin əbədi parlaqlığı" filminin ssenarisini yazır. Film "Ən yaxşı ssenari" nominasiyasında Çarli Kaufman, Mişel Qondri və Piyer Bismut üçlüyünə Oskarı qazandırır. Baş rollarında Keyt Uinslet və Cim Kerrinin oynadığı film "Con Malkoviç olmaq" filmini də kölgəsində qoyaraq 2004-cü ilin ən yaxşı filmlərindən biri olur. Cim Kerrinin canlandırdığı Coyl Bariş obrazını Kaufman dostu Paul Broşdan təsirlənərək yaradıb. Film bir çox beynəlxalq festivallarda mükafatlara layiq görülür (3-cü sayımızdan bu film haqqında daha geniş məlumat ala bilərsiniz). 2008-ci ildə Kaufman növbəti ssenarisini ekranlaşdırmağa hazırlaşır. Bu dəfə ssenarisinin rejissorluğunu da özü edir. Rejissor kimi ilk işi olan "Nyu-York, Nyu-York" ailə içi problemləri olan, nizamsız bir həyat yaşayan professorun həyatından bəhs edir film. Bu professor gözəl və rahat həyat arzulayır. Pyes yazır. Sevir, ayrılır. Ayrılığın səbəbi bilinmir. Nadir xəstəliklərə tutulur. Öz həyatını tamaşa halına salmaq istəyir. Film bir çox tənqidçilərin rəyinə görə son 20 ilin ən yaxşı filmlərindən biri sayılır. Hal-hazırda Çarli Kaufman öz həyat yoldaşı və iki uşağı ilə birlikdə Kaliforniya ştatında yaşayır. Kaufmanın sevdiyi yazıçı və rejissorlar bunlardır: Frans Kafka, Samuel Bekket, Stanislav Lem, Filip K. Dik, Flanneri O'Konnor, Stefan Dikson, Şirley Cekson, Devid Linç, Lars Von Trier və Patrisia Haysmit.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 http://www.beingcharliekaufman.com/index.php?option=com_content&task=view&id=31&Itemid=34.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #131817876 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.