The Beatles
The Beatles | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub |
Rok Pop |
Fəaliyyət illəri | 1960 — 1970 |
Ölkə | Böyük Britaniya |
Leybl |
Parlophone Apple Records Capitol United Artists Vee Jay |
Heyət |
Con Lennon † Pol Makkartni Corc Harrison † Rinqo Star |
Keçmiş üzvlər |
Stüart Satkliff (1959—1961) † Pit Best (1960—1962) Cimmi Nikol (1964) |
Beatles.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Bitlz — "Beatles" (qrupun üzvlərini ayrı-ayrılıqda bitllar və ya bitlzlar adlandırırlar) – Liverpul şəhərindən olan Con Lennon, Pol Makkartni, Corc Harrison və Rinqo Starı (əsl adı – Riçard Starki) özündə birləşdirən, 60-cı illərin məşhur ingilis rok qrupu. Beatles rok-pop musiqisinə misilsiz töhfələr verməklə onu köklü surətdə dəyişdirmişdir. Ötən əsrin 60-cı illərində görünməmiş məşhurluq qazanan qrup XX əsrin musiqi mədəniyyətində ən parlaq fenomenlərdən birinə çevrilir.
Beatles bir çox satış rekordlarını qıraraq 50-dən artıq mahnısı ilə dünyanın müxtəlif ölkələrinin musiqi çatlarına liderlik etmişdir. Amerika Səsyazmalar Sənayesi Assosiasiyasının məlumatına görə Beatles ABŞ-də bütün dövrlərin səsyazmaları ən çox satılmış qrupudur. Öz səsyazma studiyalarının, EMİ-nin yaydığı məlumatlara görə isə 1985-ci ilə qədər dünyada qrupun 1 milyarddan artıq diski satılmışdır. 2004-cü ildə tanınmış Rolling Stone jurnalının apardığı sorğular əsasında tərtib edilən "Bütün dövrlərin 100 ən yaxşı sənətçisi" siyahısında Beatles-i I yerə layiq görmüşdür.
Tarixi
[redaktə | vikimətni redaktə et]Yaradıcılığının ilkin dövrlərində 50-ci illərin rok&roll və lokal skiffl janrlarına üstünlük verən qrup, sonrakı illərdə Tin Pan Alleydən başlamış psixodelik janrlarına kimi yeni musiqi cərəyanlarını təqdim etmişdir. Qrupun əksər mahnılarını Lennon-Makkartni dueti bəstələmişdir.
1963-cü il qrupun tarixində əlamətdar olur. Belə ki məhz həmin il, sonralar bütün dünyaya yayılacaq "Beatlomania" kabusu Amerika sahillərinə yönəlir. Musiqi fəaliyyətlərinə "She loves you" və "I want to hold your hand" kimi bir o qədər də məşhurluq qazana bilməyən mahnıları sonradan dünya şöhrətli "Sgt. Pepper's Lonely Hearts Club Band ve Abbey Road" albomları ilə əvəzlənir. Qrup 5 filmdə çəkilməyə də müəyssər olmuşdur (A Hard Day's Night, Help!, Magical Mystery Tour, Yellow Submarine, Let It Be).
Qrup üzvləri 1970-ci ildə bütün dünyanı heyrət içində buraxacaq qərar qəbul edirlər. Az müddət sonra dünya mətbuatı "Beatles" üzvlərinin ayrılması xəbərini yayır.
1980-ci ildə Con Lennonun Nyu-Yorkda öldürülməsi ilə fanatların ümid etdiyi – qrupun nə vaxtsa bir yerə toplanması arzuları da gerçəkləşmədi. 2001-ci ildə qrupun digər bir üzvü Corc Harrison xərçəng xəstəliyindən dünyasını dəyişdi.
Hazırda sağ qalan qrup üzvləri – Pol Makkartni və Rinqo Star ayrı-ayrılıqda öz solo karyeralarını davam etdirirlər. Bu sahədə Pol Makkartni daha böyük uğurlara imza atıb.
"The Quarrymen"
[redaktə | vikimətni redaktə et]"Beatles" bütün mənbələrdə İngiltərənin Liverpul şəhərində qurulmuş musiqi qrupu kimi təqdim olunur. Əslində, bu, yanlış fikirdir. Yazının irəliləyən hissələrində bunu açıq-aydın siz də görəcəksiniz.
Qrupun yaradılmasında xidmətləri olan Con Lennon 1950-ci illərdə Elvis Presli kimi sənətçilər sayəsində rok-n-rolla maraqlanmağa başlayıb. Sənət yoldaşı Pit Şottonla birlikdə 1956-cı ildə "The Quarrymen" adlı bir qrup yaradır. Daha sonra qrupa Bill Smit adlı birisi də qoşulur, amma qrupdakı ifaçılar alətlərində uğurlu çıxış etmədikləri üçün mütəmadi dəyişikliklər baş verir. 1957-ci ildə bir tədbirdə Con Lennon Pol MakKartni ilə tanış olur. Qısa müddət sonra Pol, Lennondan qrupa qoşulması üçün təklif alır və bunu müsbət dəyərləndirir. Qrupda daha bir dəyişiklik isə 1958-ci ildə gənc gitaraçı Corc Harrisonun qatılması ilə reallaşır. Yəni Liverpulda 4 ingilis tərəfindən "The Quarrymen" yaranır.
Almaniyadakı fəaliyyətləri
[redaktə | vikimətni redaktə et]"The Quarrymen" 1959-cu ilin sentyabrında dağılır. Harrison başqa bir qrupa gedir, MakKartni və Lennon isə birlikdə çalışmağa davam edir, amma bu ayrılıq uzun sürmür – 1960-cı ildə Almaniyada yenidən bir araya gələn üçlük qruplarına Lennonun uşaqlıq dostu Styuart Satkliffi əlavə edirlər. Artıq qrupa yeni ad da tapılmışdı – "The Sickless", amma MakKartninin gözlənilməz təklifi "The Sickless"i doğulmamış öldürür. Ritm mənasını verən "beat" sözünə oxşasın deyə, qrupun yeni adı "The Beatles" olur. Beləliklə, Almaniyada o dövrün şərtlərinin diktəsi ilə "Beatles" yaranır.
Qrup barabana Pit Besti götürür və onlar bir müddət Almaniyada çalışırlar. Əvvəlcə Harrison yaşı haqqında yalan məlumat verdiyi, daha sonra Best və MakKartni yanğın törətdikləri üçün Almaniyadan qovulurlar.
Bir neçə ay sonra qrup müğənni Toni Şeridandan ciddi təklif alır və onunla çalışmağa başlayır. "Tony Sheridan and the Beat Brothers" olaraq yenidən "vətənləri" Almaniyaya qayıdırlar. Hamburq konsertindən sonra Satkliff Almaniyada qalmağa qərar verir. Dördlük isə daha böyük macəralar üçün İngiltərəyə dönür. Beləcə, bas gitaraya Pol MakKartni keçmiş olur.
60-cı illərdə onlar həm sənət dünyasında, həm də ticarətdə müvəffəqiyyətləriylə böyük bir iz buraxdılar. Əslində, ən uğurlu dönəmləri də o illərə təsadüf edir. Qrup bir çox satış rekordu qırır. Yəqin ki, bu gün də dünyanın ən tanınmış şou-biznes nümayəndələri "Beatles"-ın 60-cı illərdə bir milyarddan çox val satışına çatmağı yalnız xəyal edə bilir. Bu rekordu qırmaq Maykl Ceksondan başqa heç kimə qismət olmayıb.
İngiltərədə menecerləri Brayan Epstayn idi. 1962-ci ildə qrup ilk dəfə olaraq köhnə üzvləri və dostları Styuart Satkliffi torpağa tapşırır. Almaniyadan fərqli olaraq, İngiltərədə onlara sponsor tapılmır. Hamı dəbdən düşdüklərini, qeyri-ciddi olduqlarını düşünür. Narkotikə qurşanmaları uğursuzluğun səbəblərinin başında gəlir. Ən sonda "EMI" adlı şirkətin səlahiyyətlisi Corc Martin onlarla birillik müqavilə imzalayır, amma o da musiqiyə görə deyil, şəxsiyyətlərini bəyəndiyi üçün bu addımı atır. Pit Best isə həm Epstayn, həm də Martin tərəfindən bəyənilməmişdi. Barabançının klassik "Beatles" saç düzümünü qəbul etməməsi və xəstəlik səbəbindən bəzi konsertlərə qatıla bilməməsi problem yaradırdı. Nəticədə "Beatles" üzvləri ondan ayrılmağa qərar verirlər. Daha sonra "Beatles" pərəstişkarlarının daha yaxından tanıdığı Rinqo Starr onun yerini alır. Və 1963-cü ildən etibarən dünya "Bitls dəliləri"ni tanıyır…
Amerikadaki fəaliyyətləri
[redaktə | vikimətni redaktə et]İngiltərədə özünü təsdiq edən qrup narkotik məsələsində problemlərlə üzləşir. Amerikaya gedişlərinin səbəbini sənət və yaradıcılığı daha üst səviyyəyə qaldırmaq kimi yozsalar da, əsas məqsəd narkotikdən daha sərbəst istifadə etmək idi. Qrup Amerikada iddia etdiyi uğuru qazana bilmir, lakin kifayət qədər narkotik tapır. Nəhayət, məsələyə Epstayn qarışır və onun təşəbbüsü ilə "I Want to Hold Your Hand" mahnısı ərsəyə gəlir. Bir milyon val satmaq üçün cəmi 10 gün bəs edir. Beləcə, Amerika fəth olunur, artıq televiziyalar "Beatles"ındır…
Qrupun ilk canlı proqramını Amerikada təxminən 74 milyon adam izləyir. Amerika turnesində satdıqları biletlərdən 1 milyon dollar qazanırlar. İkinci filmləri olan və sosial mesajlar verən "Help"dən sonra da onlar narkotikə "yox" deyə bilmirlər.
Qalmaqallar
[redaktə | vikimətni redaktə et]Qrup 1966-cı ildə "Revolver" adlı albom buraxır. Bu albomla birlikdə tarixin ən böyük musiqi hadisələrindən biri baş verir – rok önə çıxır. Həmin il baş tutan Asiya turnesi isə ciddi problemlərin başlanğıcı olur.
Yaponiya konsertlərinin "Nippon Budokan"da olmasını planlamaları sağçı yaponlar tərəfindən oranın döyüş sənətləri mərkəzi olması səbəbiylə etirazla qarşılanır. Buna görə konsertlər ciddi polis mühafizəsi altında reallaşır.
Yenə həmin ilin iyununda Filippinə gedən qrup, dövlət başçısının xanımı tərəfindən nahara çağırılır. Ancaq Epstayn qrupun belə rəsmi dəvətləri qəbul etmədiyini söyləyir. Bu qərar televiziya kanallarında yayımlanandan sonra ölkədə onlara böyük bir nifrət yaranır. "Beatles" Flippindən ayrılarkən mühafizə üçün polis verilmir və nəticədə onlara hücumlar olur.
Daha sonra Amerikada verdikləri bir müsahibədə Con Lennon "Beatles" tərəfdarlarının əzbər bildiyi o məşhur sözü söyləyir;
"The Beatles hazırda həzrət İsadan daha məşhurdur"
Orijinal mətn (ing.)Christianity will go. It will vanish and shrink. I needn’t argue about that; I’m right and I will be proved right. We’re more popular than Jesus now; I don’t know which will go first — rock ’n’ roll or Christianity. Jesus was all right but his disciples were thick and ordinary. It’s them twisting it that ruins it for me.
. Zarafatla deyilən bu söz Amerikada böyük etiraz yaradır. "Beatles" valları yandırılmağa başlanır.Con Lennon daha sonra üzr istəsə də[1], hirs soyumur. Vatikan onu bağışladığını yalnız 2008-ci ildə elan edir[2].
27 avqust 1967-ci ildə qrupun meneceri Brayan Epstayn 32 yaşında narkotikdən ölür. Qrupun lideri Con Lennon Epstaynın ölümüylə qrup liderliyini itirir. Qrupun yeni lideri MakKartni olur.
Son konsert
[redaktə | vikimətni redaktə et]Günlər keçdikcə işlər daha da pisləşir. Qrup üzvləri ilə Pol MakKartni arasında problemlər yaşanır. MakKartni menecer qismində qayınatası Li İstmanı, digər qrup üzvləri isə Allen Klaynı dəstəkləyirdi. Uzun mübahisələrdən sonra Klayn menecer seçilir. Ancaq 1971-ci ildə qrupdan böyük məbləğdə pul oğurladığı ortaya çıxır. Qrup ən son konsertini 1969-da icazəsiz olaraq bir damda verir. 1969-cu ildə Lennon qrupdakı yoldaşlarına ayrıldığını söyləyir, ancaq mətbuata səbəb barədə açıqlama vermir. 3 yanvar 1970-ci ildə Corc Harrison bəstəsi olan "I Me Mine" son "Beatles" mahnısı olur. Bu mahnıda Lennonun adı yox idi.
Pol "öldü" iddiası
1966-cı ildə MakKartnini maşın vurur, onun yerinə isə oxşarı gətirilir. Təbii ki, bu, Polun qrup yoldaşlarının həzm edəcəyi bir hadisə deyildi, amma dünyaca məşhur "Beatles" ard-arda gələn uğursuzluqlar və pulsuzluq ucbatından konkret addım atmağa zorlanır. Bəziləri hərəkətizliyi pul oğurluğunda axtarırlar. Yəni Polun ölümünün təsadüf olmadığını söyləyənlər də tapılır, lakin bu iddialar bu günə qədər təsdiqini tapmayıb…
Paulun ölümündən sonra yerinə oxşarının gətirilməsini təhqir kimi qəbul edən qrup üzvləri buraxdıqları albomun qapaqlarına və mahnılara gizli şifrələr qoyublar. Bunlardan bəziləri:
"Abbey road" albomunun qapağında Polun ayaqqabısız fotosu yer alıb. Çılpaq ayaq hind mədəniyyətində ölülərə işarə idi. "Sgt. peppers lonely hearts club bant" albomunun qapağında verilən məzar şəklinin üstündə "Pol" yazıldığına dair iddialar var. "I am so tired" adlı mahnının sonundakı sözlər tərsinə oxunduğunda isə "Paul his a dead man miss him miss him" ("Pol ölüb, onsuz darıxırıq") mesajını verir…
Beləliklə, dünyada ən böyük rekordlara imza atmış, lakin narkotikin son nöqtəsini qoyduğu "Beatles" əfsanəsi sona çatır. Qrup üzvləri ayrılıqdan sonra tək-tək bir neçə layihədə iştirak ediblər, amma ciddi mənada bir araya gəlmələri mümkün olmayıb.
Diskoqrafiya
[redaktə | vikimətni redaktə et]Studiya albomları
[redaktə | vikimətni redaktə et]- Please Please Me (1963)
- With the Beatles (1963)
- A Hard Day's Night (1964)
- Beatles For Sale (1964)
- Help! (1965)
- Rubber Soul (1965)
- Revolver (1966)
- Sgt. Pepper's Lonely Hearts Club Band (1967)
- Magical Mystery Tour (1967)
- The Beatles (White Album) (1968)
- Yellow Submarine (1969)
- Abbey Road (1969)
- Let It Be (1970)
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Beatles Bible Arxivləşdirilib 2010-03-27 at the Wayback Machine (ing.)
- ↑ Vatikan Bitlizın populyarlığını etiraf etdi Arxivləşdirilib 2021-10-08 at the Wayback Machine (rus.)