Qarayara

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa, brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
XBT-10 təsnifatı
Qamma üsulu ilə rənglənmiş qarayara törədicisi basillərin mikrofotoqrafiyası
Qamma üsulu ilə rənglənmiş qarayara törədicisi basillərin mikrofotoqrafiyası

Qamma üsulu ilə rənglənmiş qarayara törədicisi basillərin mikrofotoqrafiyası
Qarayara
Qarayara

Qarayara
A22 Qarayara yun. Anthrax
Qarayara çöpü (Bacillus anthracis) tərəfindən törədilmiş infeksion xəstəlik
XBT-10 onlayn (ÜST — 2006-cı il versiyası)

Qarayara və ya Sibir yarası (yun. anthrax - kömür) — kəskin zoonoz yoluxucu seroz-hemorragik və nekrotik iltihabın inkişafı ilə xarakterizə olunan xəstəlik. Xəstəlik lokallaşmış (dəridə) və yayılmış (septik) formalarda kəskin nəzərə çarpan intoksikasiya sindromu ilə cərəyan edir. Bəzən bu xəstəliyi "bədxassəli çiban" da adlandırırlar.

Tarixi məlumat

Qarayara qədim zamanlardan "müqəddəs od", "fars odu" və s. adlar altında məlumdur. S.S. Andreyevski (1788) Uralda öz-özünü yoluxdurma təcrübəsi ilə insan və heyvanların qarayarasının identikliyini müəyyən etmişdir. Alman tədqiqatçısı Pellender (1849) qarayara basillərini xəstə heyvanların qanından almışdır. Baytar həkimi F. Brauell Rusiyada (1857) qarayaratörədici mikrobunu ölmüş adamın qanında tapmışdır. Robert Kox (1876) süni qidalı mühitlərdə xəstəliyin törədici mikrobunun təmiz kulturasını almış, onun spor əmələgətirmək qabiliyyətini aşkar etmiş və eksperimentdə siçanlar üzərində qarayara infeksiyasını tədqiq etmişdir. Lui Paster ilk dəfə olaraq qarayara infeksiyasının spesifik profilaktikası üçün canlı peyvənd (vaksina) təklif etmişdir.

Etiologiya

Qarayara lat. Bacillus anthracis törədici mikrobu növünə, lat. Bacillaceae ailəsinə aid olub, ucları düzbucaq altında xarakterik kəsilmiş, uzunluğu 3-10 mkm, eni 1-1,5 mkm olan iri hərəkətsiz çöpdür. Orqanizmdə inkapsullaşmış tək-tək çöplərə və ümumi kapsul ilə əhatələnmiş 2-3 mikrobdan ibarət zəncirə təsadüf edilir. Basillərin gövdələrinin ucları təmas yerlərində azca qalındır və zəncir bambuk əl ağacını xatırladır. Xarici mühitdə lat. Bacillus anthracis 0,8-1x1,3-1,5 mkm ölçüsündə sporlar əmələ gətirir, qrammüsbətdir, anilin boyalarla yaxşı rənglənir. Romanovski-Kimza üzrə rəngləndikdə kapsullar Sil-Nilsen metodundan istifadə edildikdə sporlar aşkara çıxır.

Qarayara basilləri fakultativ aerobdur. Ətli-peponlu aqarın səthində onlar çıxıntılı olan sap kələfindən ibarət "şiryalı", "meduza başı", donuq, tutqun, kələ-kötür kapsulsiz koloniyalar (R-forma), at zərdabında 80 °C temperaturda hamar, selikli, yarımşəffaf bürmələnmiş koloniyalar şəklində (S-forma), ətli-peptonlu bulyonda – sınaq şüşəsinin dibində pambıq topası şəklində inkişaf edir. lat. Bacillus anthracis ölümə səbəb olan toksindən, ödem amilindən və protektiv antigendən ibarət olan, natamam anticisimləri induksiya edən ekzotoksinin protein kompleksini törədir. lat. Bacillus anthracis törədici mikrobun antifaqositar aktivliyini təmin edən kapsullu protein antigeni və mikrob divarında yerləşən somatik polisaxarid antigeni vardır. Somatik antigen termostabildir, heyvan və insan orqanizmində immunoqlobulinlər sintezini induksiya etmir, meyit materialında uzun müddət qalır, Antigenin termostabil xüsusiyyətindən xəstəliyin diaqnozunu qoymaq üçün (Askoli) termopresipitasiya reaksiyasında istifadə edirlər. Kapsulda qlütamin turşusunun polipeptidi protein antigeni tapılmışdır. Qarayara basillərinin mutant formaları məlumdur ki, onlardan immunoprofilaktik vaksinlər hazırlanır.

lat. Bacillus anthracis-lər 50 °C-dək qızdırıldıqda 30 dəqiqə ərzində, 75-80 °C temperaturda – 60 saniyədən sonra, adi konsentrasiyada suleyma, formaldehid, xlorun təsirindən bir neçə dəqiqədən sonra tələf olur. Qarayara basilləri aşağı temperatura son dərəcə davamlıdır. lat. Bacillus anthracis-in qarayara sporları xarici mühitdə yüksək dərəcədə davamlıdır. Yaşama qabiliyyətini suda bir neçə il, torpaqda on illərlə saxlayır; quru isti onları 140 °C-də 3 saat ərzində qırır, qaynatma zamanı 45-60 dəqiqə sonra tələf olur. Sporlar dezinfeksiyaedicilərə qarşı davamlıdır, heyvanların aşılanmış dərisində, onlar uzun müddət diri qala bilir. Ətin duzlanması sporları məhv etmir.

Epidemiologiya

lat. Anthrax anthrax milçəyi

İnfeksiya mənbəyi xəstə ev heyvanları: qaramal, at, eşşək, qoyun, keçi, maral, dəvə, donuzdur. Bu heyvanlarda xəstəlik yayılmış formada keçir. İnsanda yoluxma halları olduqca azdır. Daha tez-tez kontakt yolla daha az alimentar, hava-toz və transmissiv yolla yoluxmaya təsadüf edilir.

lat. Bacillus anthracis-in insana verilmə amili xəstə heyvanlardır, onların ifrazatı, ölmüş heyvanların leşləri, onların dəriləri və daxili orqanları, yarımfabrikatlar, heyvan ətindən hazırlanmış məmulat, başqa qida məhsulları, qarayara sporları səpələnmiş torpaq, su, hava və xarici mühit əşyalarıdır. lat. Bacillus anthracis-in mexaniki inokulyativ verilməsində qansorucu həşəratlar (böyənəklər, payız milçəyi) müəyyən rol oynayır. Xəstəliyin peşə-kənd təsərrüfatı, peşə-sənaye və təsadüfi-məişət tipləri mövcuddur.

Xəstəliyin şiddətlənməsi, bir qayda olaraq, məhdud xarakter daşıyır. Yoluxma heyvan mənşəli infeksiyalaşmış xammalla təmas yolu ilə baş verir. Daha tez-tez dabbaqlar, sallaqxana və ət kombinatı işçiləri, yun çırpanlar, xəstə heyvanlara baxanlar xəstələnirlər. İnsanların qarayara ilə infeksiyalaşmış heyvanların xammalından hazırlanmış əşyalar (papaq, kürk, əlcək, corab) vasitəsilə yoluxma təsadüfləri məlumdur.

Qarayaranın peşə-kənd təsərüffatında xəstələnmə halları daha çox yay-payız aylarında təsadüf edilir.

Patogenez və patoloji anatomiya

İnsan qarayarasının dəri və septik formaları ayırd olunur. Xəstəliyin 98-99% dəri formasının payına düşür. Bu formada törədici mikrobun giriş qapısı dərinin aşıq yerləri, zədələnmiş epiteli və selikli qişalar sayılır. Törədici mikrobun dəriyə daxil olduğu yerdə qarayara karbonkulu (çiban) əmələ gəlir. O, nekrozla ətraf toxumaların ödemi ilə regionar limfadenitlə müşayiət edilən serrozlu-hemorragik iltihab ocağı şəklində olur. Törədici mikrobun virulentliyi yüksək və orqanizmin müqaviməti az olan zaman bəzi hallarda birincili qarayara sepsisi inkişaf edir: yerli təzahürlər nəzərə çarpmaya bilər.

Qarayara çöpləri regionar limfatik düyünlərdə intensiv artaraq kəskin spesifik limfadenitə səbəb olur, sonradan isə qan dövranına keçir və orada törəyib artır. İnfeksiya prosesi yayılır – sepsis başlayır. Qarayara sepsisi giriş qapısı, əsasən yuxarı tənəffüs yolları nahiyyəsində və qida borusunda lokallaşan zaman inkişaf edir. Patoloji-anatomik dəyişiklik kəskin hiperemiyyadan və daxili orqanların çoxqanlılığından (durğunluğundan) ibarət olur. Tünd-qırmızı qan laxtalanmır və venaları doldurur. Ağciyərlərdə yayılmış ödem, plevra və periton boşluqlarında qanlı-serozlu maye toplanır. Miokardda və epikardda ocaqlı qansızmalar, mədə və bağırsağın selikli qişasında çoxlu hemorragiyalar meydana çıxır. Çöz limfa düyünləri böyüyür və tünd rəngdə olur. Qaraciyərdalaq böyüyür, tünd qanla dolur. Beyin qişaları ödemli olur, çoxlu hemorragiyalar nəzərə çarpır ki, bu ona "kardinal papağı" xarakterik şəkil verir. Beyin maddəsi çoxqanlı olur. Qanda, onurğa kanalı mayesində, zədələnmiş orqan və toxumalarda çoxlu miqdarda qarayara basilləri olur.

Klinik mənzərə

Qarayara – nekrozlaşmış xoralar

Qarayarada ikubasion dövr xəstəliyin formasından asılı olaraq: dəri formasında 2-14 gün, septik formada bir neçə saatdan 6-8 gündür.

Dəri forması

Qarayaranın dəri formasının daha tez-tez təsadüf ediləni karbunkulyoz (çibanlı) formadır, ödematoz bulyoz və eripipeloid formalara az təsadüf olunur. Başlıca olaraq bədənin açıq hissələri zədələnir. Karbunkullar başda, boyunda, ağızın və burunun selikli qişalarında lokallaşanda xəstəlik xüsusilə ağır keçir.

Zədələnmiş nahiyədə bir və bir neçə karbunkul (çiban) ola bilir. İnfeksiyanın giriş qapısı yerində ardıcıl olaraq ləkə, papula, vezikula, yara inkişaf edir. Ləkələrin diametri 1–3 mm, rəngi qırmızımtıl-göyümtül olur, ağrımır, həşaratın dişləməsindən qalan izə bənzəyir. Bir neçə saat sonra ləkə dəri səthindən, qabaran qırmızı-mis rəngli paulaya çevrilir. Yerli qaşınma və yandırma hissiyatı güclənir. 12-24 saatdan sonra papula 2–3 mm diametrli, serozlu maye ilə dolu sudurcuğa çevrilir, o, tündləşir, qırmızı, bəzən tündqırmızı-bənövşəyi (lat. pustula maligna) olur. Sudurcuq qaşınma zamanı və ya öz-özünə partlayır, divarları yatır, tünd qəhvəyi qartmaqla örtülmüş yara əmələ gəlir. Bir sutkadan sonra yaranın diametri 15 mm-ə çatır. Onun mərkəzi hissəsinin nekrozu nəticəsində yara bərk ağrısız qara qartmaqla örtülmüş olur. Qartmağın ətrafı qırmızı rəngli iltihab yastığından ibarət olur. Qartmaq xarici görünüşünə görə qırmızı fonda kömür parçasını xatırladır. Xəstəliyin adı da buradan (yun. anthrax – kömür) götürülmüşdür. Zədələnmə bütövlükdə karbunkul (çiban) adını almışdır. Karbunkulların diametri bir neçə millimetrdən 10 sm-dək dəyişir.

Qartmağın kənarlarında mirvari dənələri kimi ikincili papulalar törəyir. Bu elementlər inkişaf edərək xırda qartmaqlara çevrilir. Onlar qarışaraq zədənin ölçüsünü böyüdür. Qartmağın altında sağlam dərinin səthindən qabaran tündqırmızı yastıq şəklində bərk infiltrat olur. Sonradan buna ödem qoşulur. Ödem bəzən yumşaq dərialtı hüceyrəli böyük sahəni tutur. Perkussiya ilə ödem nahiyəsinə vurulan zərbə çox vaxt həlməşikvari titrəyiş törədir (Stefanksi simptomu).

Qarayara mikrobu ilə inholativ yoluxma

Karbunkulun sifətdə (burunda, dodaqda, yanaqda) lokallaşması çox təhlükəlidir, çünki ödem yuxarı tənəffüs yollarına yayılır, asfiksiyaya və ölümə səbəb ola bilir. Qarayara karbunkulu nekroz zonasına hətta iynə batırdıqda belə ağrısız olur. Bu mühüm diferensial-diaqnostik əlamətidir. Qarayaranın dəri formasında regionar limfadenitlər inkişaf edir. Onlar ağır hallarda nəzərə çarpan limfangitlərlə birləşə bilər. Qarayaranın dəri formasının ödematoz növü ödemin ilkin olaraq karbunkul inkişaf etmədən meydana çıxması ilə xarakterizə olunur. Xəstəliyin daha sonrakı vaxtında nekroz baş verir və böyük ölçülü karbunkul formalaşır. Bulloz formada infeksiyanın giriş qapısı yerində içərisi hemorragik maye ilə dolu sudurcuq əmələ gəlir. Sudurcuq deşildikdə və ya zədələnmiş nahiyə nekrozlaşdıqdan sonra karbunkul şəkli alan geniş xoralı səth əmələ gəlir. Qarayaranın dəri formasının erizipeloid növünün xüsusiyyəti, içərisində şəffaf maye olan çox sayda sudurcuğun inkişafından ibarətdir. Onlar deşildikdən sonra xoralar qalır və qabıq bağlayır. Qarayaranın dəri forması xəstələrin təxminən 80%-də yüngül və orta ağırlıqda, 20%-də ağır formada keçir. Xəstəliyin yüngül formasında nekrotik qartmaq, ödem, orqanizmin intoksikasiyası orta dərəcədə nəzərə çarpır. Bədən hərarəti normal və ya subfebril olur. 2-3 həftənin sonunda qartmaq qopur, yerində bərk çapıq qoyur. Xəstəliyin yüngül formaları tam sağalma ilə başa çatır. Xəstəliyin daha ağır formalarında keyfsizlik, əzginlik, başağrısı nəzərə çarpır. Birinci günün axırına yaxın bədən hərarətinin 39-40 °C qədər yüksəlməsilə orqanizmin intoksikasiyası inkişaf edir, ürək-damar sisteminin fəaliyyəti pozulur. Xəstəlik yaxşı qurtaranda 5-6 gündən sonra hərarət kritik düşür, ümumu və yerli simptomlar geriyə inkişaf edir, ödemlik tədricən azalır, limfadenitlər və limfangitlər itir, qartmaq 2-4 həftədən sonra qopub düşür, xora sağalır, yerində çapıq qalır. Qara yaranın dəri formasının ikincili septisemiya ilə ağırlaşması hallarında bədən hərarəti 40-41 °C-dək qalxır. Titrətmə, şiddətli başağrısı, başgicəllənmə, sayıqlama olur, yuxu pozulur, nəbz dəqiqədə 120-160-dək sürətlənir, arterial təzyiq düşür. Xəstələrin bəzilərində bu təzahürlərə qanlı qusma və tez-tez qanlı ishal əlavə olunur. Qaraciyərdalaq böyüyür, dəri hematogen-metastatik mənşəli ikincili səpmə ilə zədələnir. Qanda çoxlu qarayara çıpləri tapılır. Prosesin güclənməsi ağır endokarditəağciyər ödemi ilə keçən ikincili pnevmoniyaya, soporoz hala, komaya və 1-4-cü gün ölümə səbəb olur.

Septik forma

Qarayaranın ikincili pnevmoniyaya ilə fəsadlaşması

Stafilokokk infeksiyası ilə ikincili septik qarayara pnevmoniyalarının birləşməsi istisna edilmir.

Qarayaranın septik forması yüksək virulentli törədici mikroblara, tənəffüs yollarının selikli qişasından keçən massiv infeksiyalaşma zamanı inkişaf edir. Az hallarda təsadüf edilir. Proses qabaqcadan dəri üzərində ocaqlı dəyişikliklər olmadan tez yayılır. Bədəndə çoxlu hemorragiyalar meydana çıxır, meningial sindrom aşkar edilir. Qanda və onurğa kanalı mayesində qarayara çöpləri olmur. Xəstəliyin birinci, az hallarda isə ikinci günü infeksion-toksik şokdan ölüm hadisəsi baş verir. Qarayara sepsisi çox vaxt ağciyərin və bağırsağın zədələnməsilə müşayiət edilir. Bu xəstəliyin ağciyər və bağırsaq formalarının ayırd edilməsinə səbəb olmuşdur. Qarayaranın septiki formasının müxtəlif ağciyər vatiantları nəzərəçarpan intoksikasiya təzahürlərilə son dərəcə ağır keçir. Hərarət 39-40 °C-dək yüksəlir. Şiddətli öskürək, sinədə sıxıntı, köpüklü qanlı bəlğəm ifrazatı meydana çıxır. Ağciyərlərin şiddətli ödemi və hemorragik eksudatlı plevrit təzahürlərilə keçən pnevmoniya müəyyən edilir. İfraz olunan bəlğəm moruq jelesi şəklində püxtələşir və içərisində qarayara çöpləri olur. 2-3-cü sutka xəstələr infeksion-toksik şokdan ölürlər. Qarayaranın septik formasının bagırsaq variantı qəflətən başlayır. Qarında kəskin iti ağrılar meydana çıxır, ona ürəkbulanması, ödlə qarışmış qanlı qusma, qanlı ishal qoşulur. Bağırsağın zədələnməsi bəzən onun perforasiyası – deşilməsi nəticəsində inkişaf edən peritonitə səbəb olur. Bu zaman bədən hərarəti 39-40 °C-dək yüksəlir, həyəcanlanma və eyforiya, sayıqlama, qıcolmalar, meningeal sindrom olur. Dəri üzərində ikincili səpmə meydana çıxır, diffuzstianozlar inkişaf edir. Nəbz tezləşmiş və sapvari olur, arterial təzyiq düşür. Xəstəlik 1-4 gün davam edir və ürək çatışmazlığından ölümlə nəticələnir. Xəstə son dərəcə nadir hallarda sağalır.

Proqnoz

Hazırda qarayaranın dəri formasının proqnozu müsbətdir. Ölüm hadisəsi faizin onda biri hissəsinə qədər endirilmişdir. Septik formada proqnoz bütün hallarda, hətta intensiv müalicə erkən başlandıqda da əsasən mənfidir.

Diaqnostika

Diaqnozun qoyulması prosesində, xüsusilə, xəstənin peşəsinə dəxli olan əsaslı epidemioloji anamnez toplamaq lazımdır.

Laborator diaqnostikası patoloji materialın bakterioskopiyasından, onun qida mühitlərində əkilməsindən, heyvanların yoluxdurulmasından Askoli termopresipitasiya reaksiyasının qoyulmasından, immunoflüoressensiya metodundan istifadə etməkdən ibarətdir. Qarayaranın erkən və retrospektiv diaqnostikası məqsədilə antraksinlə dəridaxili sınaq qoyurlar. O, xəstələrin 90-95%-də xəstəliyin beşinci günündən sonra müsbət nəticə verir.

Qarayaranın dəri formasında laborator tədqiqat üçün material vezikulanın və karbonkulun möhtəviyyatı, yaranan ifrazatı, qoparılmış qartmaq sayılır. Septik formada bəlğəmi, qusuntu kütləsini, ifrazatı, qanı tədqiq edirlər. Tədqiqat xüsusi təhlükəli infeksiyalarla işləmə qaydalarına riayət olunmasını tələb edir və xüsusi laboratoriyalarda aparılır. Qarayaranı manqodan, adi karbunkul və fürunkullardan, stafilakokk karbunkullarından, taundan, tulyaremiyadan, qızılyeldən, başqa etiologiyalı sepsisdən diferensasiya edirlər.

Müalicə

Etiotrop terapiya məqsədilə xəstəlik müvafiq olaraq Ciprofloxacin, Doxycyclin və ya Amoxicillin kimi antibiotiklərlə müalicə edilir.

Patogenetik terapiya məqsədilə kolloid, kristalloid və elektroloid məhlullarından, plazma, albumin, qlükokortikoidlərdən istifadə edilir. Zədələnmiş nahiyyələrə cərrahi müdaxilələr yolverilməzdir.

Profilaktika

Qarayaranın profilaktikası tibbi və baytar-sanitariya xarakterli tədbirlər kompleksinin aparılmasını nəzərdə tutur. Qarayaralı xəstələr izalə olunaraq onlar üçün xüsusi qab-qacaq, qulluq əşyaları, paltar ayırırlar. Palatalar cari nəm dezinfeksiya (1:500 sülema məhlulu və 3%-li xlor məhlulu) olunur. Xəstənin qab-qacağı uzun müddət qaynadılır və sarğı materialları yandırılır. Qarayaranın dəri formasında rekonvalessentləri qartmaq qopub düşdükdən və çapıq əmələ gəldikdən sonra xəstəxanadan buraxırlar. Septik formasında isə rekonvalessentləri 5 gün interval olmaq şərtilə aparılan bakterioloji müayinə azı iki dəfə mənfi olduqdan sonra buraxılması mümkündür.

ABŞ-da və Böyük Britaniyada bu xəstəliyə qarşı peyvənd (Human Anthrax Vaccine, MDPH-PA) əldə edilmişdir. Bu peyvənd törədici mikrobun protektiv antigeninə qarşı effektlidir. Bu hər iki peyvənddən istifadə edilməsinə Almaniyada qadağa qoyulmuşdur.

Mənbələr

  1. Y.P. Şuvalova, İnfeksion xəstəliklər. Ali məktəblər üçün dərslik, Baki: Maarif, 1988 464 səh. 45 şəkil.  (az.)
  2. Praktikum des Infektionsß und Impfschutzes/ hrsg- von: Botho Bösel und Kurt Hartung, 10., Auflg.- Berlin, 1992 ISBN 3-87344-075-X  (alm.)
  3. R. C. Spencer: Bacillus anthracis.. J Clin Pathol. 2003 Mar;56(3):182-7. Review. PMID 12610093(ing.)
  4. W. Biederbick, R. Fock, K. Güttler, C. Veit: Infektionen durch Bacillus anthracis. Dtsch med Wochenschr 2002; 127(15): 809-814 (alm.)

Xarici keçidlər

Həmçinin bax

Xarici keçidlər